Heyvandarlıq Elmi-Tədqiqat İnstitutun əməkdaşı fəxri fərman ilə təltif olunub.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutun əməkdaşı fəxri fərman ilə təltif olunub.
Aqrar Elm və İnnovasiyalar Mərkəzinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Baramaçılıq" laboratoriyasının müdiri, a.e.f.d., dosent Məmmədov Qafar Mahmud oğlu Respublikada ipəkçilik sahəsində, xüsusilə ölkəmizdə tut ipəkqurdunun barama və xam ipək məhsuldarlığını artırmaq üçün yeni texnologiyalar üzərində səmərəli tədqiqatları, institutun inkişafında göstərdiyi xidmətləri, anadan olmasının 60 və elmi fəaliyyətinin 35 illiyi nəzərə alınaraq FƏXRİ FƏRMAN ilə təltif olunmuşdur.

Kollektivimiz adından Qafar müəllimi təbrik edir, ona uzun ömür can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik!



Qafar Mahmud oğlu Məmmədov 1961-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunun Üstüpü kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə AKTİ-nin (indiki ADAU) Bitki mühafizəsi fakultəsinin ipəkçilik şöbəsinə daxil olmuş, 1986-ci ildə həmin şöbəni əla və yaxşı qiymətlərlə bitirmişdir. 1989-cu ildə Az.ETİpəkçilik İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1991-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirmişdir. O, 1996-cı ildə F.A.Məlikov adına Az.ET Heyvandarlıq İnstitutunda dissertasiya müdafiə edərək k.t.e.n. (a.e.f.d.) alimlik dərəcəsi almışdır.

Q.M.Məmmədovun tut ipəkqurdunun seleksiyası, genetikası, ekologiyası və damazlıq işinə dair apardığı tədqiqatlar onun elmi fəaliyyət dairəsini daha da genişləndirmiş, zənginləşdirmişdir. Onun tut ipəkqurdu üzərində apardığı inbridinq çoxaldılmanın nəticələri əsasında verilmiş təklifə görə tut ipəkqurdunun seleksiya-damazlıq işlərində inbridingin I-IV nəsillərindən istifadə etmək məqsədə uyğundur. Bundan başqa o,tut ipəkqurdunun seleksiyası işində seleksiyanın səmərəsini artırmağa imkan verən inkross və topkrosslardan istifadə etmək təklifini vermiş, yeni seleksiya xəttləri və cinsləri yaradılması istiqamətində fəal iş aparmış, yeni yaradılmış Namazlı 1, Namazlı 2, Namazlı 3, Uğur, Xəyal, Ordubad-1 və Ordubad-2 cinslərinin yaradıcılarından olmuşdur.

İpəkçilikdə məhsuldarlığın bəynəlxalq standartlara uyğun yeni ölçü vahidinin-miqdar qutusunun və bunun əsasında hazırlanmış bəsləmə texnologiyasının tətbiqinə dair metodiki tövsiyənin həmmüəlliflərindən biridir.

O, uzun müddətdir ki, ölkəmizdə tut ipəkqurdunun barama və xam ipək məhsuldarlığını artırmaq üçün yeni texnologiyalar üzərində işləyir. Alınmış nəticələr müəllif tərəfindən yazılmış “İpəkçilikdə yeni texnologiya” kitabında verilmişdir.

Q.M.Məmmədov Az.ETİpəkçilik İnstitutu ilə Bolqarıstanın Sofiya Kənd Təsərrüfatı Akademiyasının İpəkçilik və Əkinçilik təcrübə stansiyası ilə birgə , 10 il müddətinə razılaşdırıldığı beynəlxalq müqavilə əsasında aparılan tematik mövzuya rəhbərlik etmişdir.

Bundan başqa dos. Q.M. Məmmədov 2005-ci ildən Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya regionu ölkələrinin beynəlxalq ipək assosiyasının (BAKSA) İcraiyyə Komitəsinin qərarı və tövsiyəsi əsasında MDB-dən Azərbaycan, Özbəkistan və Gürcüstan üçün yaradılması nəzərdə tutulmuş yeni xəttlər üzərində elmi tədqiqat işi aparılmışdır.

Azərbaycan Respublikası AAK-nın 9 fevral 2000-ci il qərarı ilə o “Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və artırılması” ixtisası üzrə baş elmi işçi adını daşıyır.

30 elmi əsərin, 3 kitabın müəllifidir. Müəllifin yazmış olduğu “Tut ipəkqurdunda inbridinq və yemi ödəmə”, “İpəkçilikdə yeni texnologiya” və “İpəkçilərin məlumat kitabı” Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasından keçmiş və nəşr olunması məsləhət görülmüşdür. İpəkçilik üzrə beynəlxalq elmi-praktiki konfranslarda, təlimlərdə fəal iştirak edir, kümçü fermerlərin maarifləndirilməsi işində fəal təbliğat aparır. Hal-hazırda o elmi yaradıcılığını Heyvandarlıq ETİ-da davam etdirir.