Arıçılıqla bağlı təlim proqramı başa çatıb.

Arıçılıqla bağlı təlim proqramı başa çatıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin birgə təşkilatçılığı ilə 11-15 oktyabr 2021-ci il tarixlərində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda keçirilən "Arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri, arı islahı" təlim proqramı başa çatıb.

5 gün müddətində davam edən təlimlər Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislər Dr. Ali Korkmaz, baytar həkim Sedat Sevin, yerli peşəkar arıçılarımız Elxan Ələkbərov, Yusif Quliyev, Mövləddin Qurbanəliyev, Lətif Lətifov, Hikmət Əliyev, İlham Rəhimov, Nəbi Nəcəfov, Nurəddin Saruxanov tərəfindən keçilib. Onlar təlim iştirakçıları ilə öz bilik və təcrübələrini bölüşüblər. Təlim proqramı çərçivəsində arıçılığın mövcud vəziyyəti, arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə və profilaktika tədbirləri, arıların bəslənməsi və onlara düzgün qulluq, arı islahı və s. istiqamətləri əhatə edən 20-yə yaxın mövzuda zəngin təqdimat materialları nümayiş olunub, geniş məruzələrlə çıxışlar edilib. Bütün təlim günləri ərzində məruzələrdən sonra arıçılarla geniş diskussiyaya yer verilib, onlara qaranlıq qalan məqamlara aydınlıq gətirilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Təlim çərçivəsində həmçinin, təlimçilər və təlim iştirakçıları ilə birlikdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun "Arıçılıq" Mərkəzinə səfər edilib, oradakı arıxanaya, lavanda və rozmarin sahələrinə baxış keçirilib, mərkəzin fəaliyyəti və gələcək planları barədə məlumat verilib.

Təlimin bağlanış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin "Heyvandarlığın təşkili və monitorinqi" şöbəsinin müdiri Eldar Həsənov, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, institutun "Arıçılıq" Mərkəzinin direktoru Samir Mahmudov, Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşları Hakan Ülgey və Cengiz Ceylan yekun bağlanış nitqi ilə çıxış ediblər. Təlim proqramı barədə arıçıların fikirləri dinlənilib. Daha sonra arıçıların Kənd Təsərrüfatı naziri cənab İnam Kərimova müraciəti səsləndirilib. Sonda təlim iştirakçılarının təltifetmə mərasimi keçirilib.


Təlim proqramı zamanı çəkilmiş fotoşəkillərlər buradan tanış ola bilərsiniz.