Akkaraman qoyun cinsi haqqında

Akkaraman qoyun cinsi haqqında
Akkaraman qoyun cinsi
Bu qoyun cinsi qarışıq istiqamətlidir. Yayılma arealı Mərkəzi Anadolu və ətraf bölgələridir.
Əsas xüsusiyyətləri: Bədənləri uzun və dardır. Onurğa xətti düzdür, bəzi fərdlərdə çökəklik müşahidə edilə bilər. Başları uzun və dar, üzləri tüksüzdür. Üz hissələrində müxtəlif ölçüdə kəkil (ləkə) olur. Qoçlarda baş azca dikdir. Uzun və sallaq qulaqlıdırlar. Ayaqları uzun və sağlamdır. Dırnaqları sağlam və sərtdir. Rəngi əsasən ağdır. Əsasən baş, burun, qulaq və ayaqlarında qara ləkələr olur. Baş, boyunun alt hissəsi və ayaqlat yunsuzdur. Yunu qaba, qarışıq və seyrəkdir. Qoyunları buynuzsuzdur. Qoçlarda isə kiçik ölçülü və ya tam inkişaf etməmiş buynuz olur. S formalı yağlı quyruğa sahibdirlər.
Səciyyəvi xüsusiyyətləri: Əlveriçsiz mühitə və xəstəliklərə dözümlüdürlər. Müxtəlif iqlim şəraitlərinə uyğunlaşa bilirlər. Yağlı quyruqlu olduqlarından qeyri-normal yemləməyə dözümlüdürlər. Sürüyə adaptasiya qabiliyyəti və analıq instinktləri yüksəkdir. Uzun köç səfərlərinə dözümlüdür. Aşağı səviyyəli ot örtüyünə malik örüşlərdən faydalanma əmsalları yüksəkdir.
Saxlanma şəraiti: Bu cins yazda quraq və isti, qışda soyuq və qarlı düzənlik iqliminə uyğunlaşlb. Çox sərt relyefli olmayan, zəif bitki örtüyünə sahib otlaqlarda qidalanırlar. Qış aylarında əsasən saman və az miqdarda dənəvər yemlə bəslənirlər.
Ailə, kəndli və sahibkar fermer təsərrüfatlarında 30-500 başlıq sürülər şəklində saxlanılır.
Bədən ölçüləri və məhsuldarlıq göstəriciləri:
Cidov hündürlüyü: erkəklərdə - 73, dişilərdə - 65 sm;
Bədən uzunluğu: erkəklərdə - 72, dişilərdə - 64 sm;
Doğulan quzuların canlı kütləsi: erkək quzularda - 4,7, dişi quzularda - 4,4 kq;
Yetkin fərdlərin canlı kütləsi: erkəklərdə - 62, dişilərdə - 50 kq;
Gündəlik çəki artımı: 240 q;
Bir laktasiya ərzində süd məhsuldarlığı: 50-60 kq;
Laktasiya müddəti: 140 gün;
Yun məhsuldarlığı: 2,2 kq;
Damazlıq yaşı: 16-18 ay;
Dölvermə qabiliyyəti: 1,2.

Akkaraman qoyun cinsi haqqında