Morkaraman qoyun cinsi haqqında bilmədikləriniz

Morkaraman qoyun cinsi haqqında bilmədikləriniz
Morkaraman qoyun cinsi
Bu qoyun cinsi qarışıq istiqamətli olsa da əsasən ətlik məqsədi ilə yetişdirilir. Yayılma arealı Şərqi Anadolu bölgəsidir.
Əsas xüsusiyyətləri: Sağlam və iri bədən quruluşuna malikdirlər. Sağrı hissəsi cidov hissədən bir qədər yüksəkdir. Yana doğru yatımlı, böyük, enli və sallaq qulaqları var. Baş bədənə nəzərən uzun və önə doğru incəlmiş formadadır. Alınlarının buruna yaxın nahiyəsində azca çökəklik var. Burun dişilərdə az, erkəklərdə isə nəzərəçarpacaq səviyyədə dik formalıdır. Rəngləri qızılıdan bənövşəyiyə qədər dəyişir. Göz, ağız və burunun ətrafı daha açıq, baş və ayaqlar isə bədənə nəzərən daha tünd rəngdə olur. Üzləri və başları əsasən yunsuz olur. Qarın və boyun hissələri isə adətən yunsuz (çılpaq) və ya seyrək yunlu olur. Ayaqları bilək hissədən başlayaraq yunsuz olur. Yunları qaba və qarışıqdır. Erkəkləri əsasən buynuzludur, buynuz isə böyük və spiralvaridir. Dişilərdə isə buynuz ya zəif inkişaf etmiş olur, ya da ümumiyyətlə olmur. Yağlı quyruğa sahibdirlər.
Səciyyəvi xüsusiyyətləri: Əlveriçsiz mühitə və soyuğa dözümlüdürlər. Müxtəlif iqlim şəraitlərinə uyğunlaşa bilirlər. Yağlı quyruqlu olduqlarından qeyri-normal yemləməyə dözümlüdürlər. Sürüyə adaptasiya qabiliyyəti və analıq instinktləri yüksəkdir. Uzun köç səfərlərinə dözümlüdür.
Saxlanma şəraiti: Bu cins Şərqi Anadolu bölgəsinin uzun və soyuq keçən qışına və dağlıq iqliminə çox yaxşı uyğunlaşlb. Zəif bitki örtüyünə sahib otlaqlarda da yaxşı qidalanırlar. Qış aylarında normal qidalanma ilə əsasən qapalı və ya bir tərəfi açıq tövlələrdə saxlanılır.
Bədən ölçüləri və məhsuldarlıq göstəriciləri:
Cidov hündürlüyü: erkəklərdə - 75, dişilərdə - 68 sm;
Bədən uzunluğu: erkəklərdə - 72, dişilərdə - 67 sm;
Doğulan quzuların canlı kütləsi: erkək quzularda - 3,9, dişi quzularda - 3,5 kq;
Yetkin fərdlərin canlı kütləsi: erkəklərdə - 50-90, dişilərdə - 40-60 kq;
Gündəlik çəki artımı: 192 q;
Bir laktasiya ərzində süd məhsuldarlığı: 60 kq;
Laktasiya müddəti: 126 gün;
Yun məhsuldarlığı: 1,5-2,0 kq;
Damazlıq yaşı: 18 ay;
Dölvermə qabiliyyəti: 1.

Morkaraman qoyun cinsi haqqında bilmədiklərinizMorkaraman qoyun cinsi haqqında bilmədikləriniz