Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldar Həsənov HETİ-yə səfər edib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldar Həsənov HETİ-yə səfər edib.
İşğaldan azad olunmuş torpaqlarda inkişafa nail olmaq üçün ilk növbədə sosial rifahın yaxşılaşdırılması və əhalinin məşğulluğunun təmin edilməsi zəruridir. Bu məqsədlə bölgənin heyvandarlıq üçün əlverişli təbiəti nəzərə alınaraq orada heyvandarlığın inkişafı və heyvanların baş sayının artırılması istiqamətində işlərin aparılması üçün süni mayalanma, qulluq və bəslənmə ilə məşğul olacaq kadrların hazırlanmasına başlanılıb. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin bu məsələyə xüsusi diqqət ayırır. Nazirliyin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Eldar Həsənov bu gün Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna gələrək yerində təlimçilər və iştirakçılarla görüş keçirib, öz tövsiyə və fikirlərini bölüşüb.
Görüşdə Türkiyədən dəvət olunmuş mütəxəssislərlə Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında ortaq maraqlarının olması, bu istiqamətdə aparılacaq işlərin, həyata keçiriləcək birgə layihələrin zəruriliyi barədə fikir mübadiləsi aparılıb.
Eldar Həsənov gələcəkdə bu mütəxəssislərin əməyi və hazırlanacaq peşəkar kadrların kənd təsərrüfatının inkişafına verəcəkləri töhfələr nəticəsində işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın, ümumilikdə kənd təsərrüfatının inkişaf edəcəyinə əminliyini bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldar Həsənov HETİ-yə səfər edib.