Cənubi Koreya şirkətlərinin hazırladığı ağıllı kənd təsərrüfatı texnologiyaları və sistemlərinin təqdimatı keçiriləcək

Cənubi Koreya şirkətlərinin hazırladığı ağıllı kənd təsərrüfatı texnologiyaları və sistemlərinin təqdimatı keçiriləcək
Heyvandarlıq Elmi Tədqiqat İnstitutu beynəlxalq əməkdaşlıqlarını genişləndirməklə xarici təcrübənin ölkəmizdə tətbiq olunması istiqamətində müxtəlif addımlar atmaqdadır. Cari ilin aprel ayından başlayaraq Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə mütəmadi görüşlər keçirilir. Nəticə etibarı ilə, 19 sentyabr saat 15:00-da Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), İNPRO, WHYBIZ, ENEY şirkətlərinin və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı sahəsində əməkdaşlıq” mövzusunda sınaq layihəsinin təqdimatı baş tutacaq.
Tədbirdə “SmartFarm texnoloji tətbiqinin təqdimatı”, “Əkin sahələrində suya qənaətedici suvarma sistemlərinin tətbiqi” və digər mövzularda təqdimatlar keçirilməsi nəzərdə tutulur. Tədbirin əsas məqsədi heyvandarlıq sahəsində ağıllı kənd təsərrüfatının ölkəmizdəki təsərrüfatlara tətbiqi, onlardan daha yüksək səmərəlilik alınması, mütəxəssislərin yeni biliklərə yiyələndirilməsi və həmçinin yaxın zamanlarda Azərbaycanda da ağıllı kənd təsərrüfatının geniş tətbiq olunmasının əhəmiyyətinin vurğulanmasıdır.
Həmçinin qeyd olunan Cənubi Koreya şirkətləri ilə əməkdaşlıq haqqında memorandum imzalanması nəzərdə tutulur.