
Kənd təsərrüfatının gəlirli sahələrindən biri də ipəkçilikdir. Bu sahənin inkişafı onun yem bazasından asılıdır. Nəzərə alsaq ki, tut ipəkqurdunun yeganə qida mənbəyi tut yarpağıdır, bu sahənin nə qədər önəmli olduğu məlum olar. Bu bölməni inkişaf etdirmək üçün tutçuluq elminin inkişafı vacib məsələlərdən biridir. Məhsuldar sortların yaradılması, hibrid tinglərin yetişdirlməsi qarşıda duran zəruri məsələlərdəndir. Hibrid tinglər bitkinin tam bioloji irsi xüsusiyyətlərini ötürmək qabiliyyətinə malik deyillər. Sortlardan alınan qələm vasitəsilə çoxaldılma həmin sortun irsi xüsusiyyətlərini tam özündə saxlayır. Bu cəhətdən məhsuldar sortların saxlanılması üçün qələmlə çoxaldılma əlverişli üsul hesab olunur. Qələmlə çoxaldılma zamanı qələmdən kökün əmələ gəlməsi çətin başa gəlir. Ona görə də, qələmi müxtəlif həlledicilərdə islatmaqla, yeni modern biotexnoloji üsullardan istifadə etməklə qələmdən kök əldə olunur.




