“Dondurulmuş buğa toxumu (sperması). Texniki şərtlər” dövlət standartı təsdiq edilib

“Dondurulmuş buğa toxumu (sperması). Texniki şərtlər” dövlət standartı təsdiq edilib
“Dondurulmuş buğa toxumu (sperması). Texniki şərtlər” Dövlət Standartı Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunda fəaliyyət göstərən “Heyvandarlıq, quşçuluq, arıçılıq, balıqçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 24) tərəfindən ölkədə iribuynuzlu heyvanların süni mayalandırılmasında istifadə olunan dondurulmuş buğa toxumlarının alınması, keyfiyyət göstəricilərinin qiymətləndirilməsi, qablaşdırılması, markalanması, saxlanılması, daşınması və istifadəsinə dair vahid tələblərin müəyyən edilməsi məqsədilə hazırlanmış, Azərbaycan Standartlaşdırma İnstitutunun Q-96/2026 №-li qərarı və AZS 1006:2026 qeydiyyat nömrəsi ilə 07.08.2026-cı il tarixdə təsdiq edilmişdir.
Standartın tətbiqi süni mayalandırma işində istifadə olunan buğa toxumlarının keyfiyyətinə nəzarətin gücləndirilməsinə, yüksək bioloji və reproduktiv göstəricilərə malik toxumların əldə edilməsinə, onların təhlükəsizliyinin və yararlılığının təmin olunmasına xidmət edir. Toxumun keyfiyyət göstəricilərinin müəyyən edilmiş tələblərə uyğun olması süni mayalandırmanın səmərəliliyinin yüksəldilməsi və mayalanma nəticələrinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Standartının tətbiqi sağlam və yüksək genetik potensiala malik buğalardan keyfiyyətli toxum istehsalının təşviq edilməsinə, damazlıq-seleksiya işinin elmi əsaslarla aparılmasına, qiymətli genetik xüsusiyyətlərin nəsildən-nəslə ötürülməsinə və daha sağlam, məhsuldar heyvan sürülərinin formalaşdırılmasına imkan verəcəkdir.
Eyni zamanda, standart süni mayalandırmada istifadə olunan buğa toxumlarının keyfiyyət və təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, istehsalçı və fermerlərin etibarlı damazlıq materialı ilə təminatının yaxşılaşdırılmasına, yerli heyvandarlığın genetik potensialının artırılmasına və süd və ət istehsalının səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir.
AZS 1006:2026 “Dondurulmuş buğa toxumu (sperması). Texniki şərtlər” Dövlət Standartının tətbiqi Azərbaycanda süni mayalandırma sahəsində vahid keyfiyyət tələblərinin formalaşdırılmasına, keyfiyyətli buğa toxumu istehsalının inkişafına və daha sağlam, məhsuldar və genetik cəhətdən üstün heyvanların yetişdirilməsinə mühüm şərait yaradacaqdır.“Dondurulmuş buğa toxumu (sperması). Texniki şərtlər” dövlət standartı təsdiq edilib