Beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.

Beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.
22-24 dekabr 2021-ci il tarixləri arasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun yaradılmasının 90 illiyi və akademik Firuz Məlikovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Heyvandarlığın müasir problemləri və innovativ konsepsiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir.

Konfransda 10 ölkədən 30-dan çox məruzəçinin iştirakı nəzərdə tutulub.

Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək və müvafiq şərtlərə uyğun məqalə təqdim etmək lazımdır.
Konfransda iştirak etmək üçün son qeydiyyat tarixi 5 dekabr 2021-ci ildir.

Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmiş hər kəsə rəsmi dəvət məktubu göndəriləcək.

22-24 dekabr 2021-ci il tarixlərində Göygöl şəhərində xarici ölkələrdən gələcək spikerlərin və iştirakçıların mehmanxana və gündə 3 dəfə qidalanma xərcləri konfransın Təşkilat Komitəsi tərəfindən qarşılanacaq. Konfrans iştirakçıların daşınması xüsusi nəqliyyatla həyata keçiriləcək.

Qeyd edək ki, Təşkilat Komitəsi spikerlərin və iştirakçıların təyyarə bilətləri xərclərini qarşılamır.

Əlavə sual və məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
E-mail: livestockconference2021@gmail.com
Telefon: +994 22 202 23 30
Mobil: +994 55 718 18 14 WhatsApp



MƏQALƏLƏRƏ QOYULAN TƏLƏBLƏR

1. Məqalə başqa nəşrlərə təqdim olunmamış yeni tədqiqat nəticələri olub, mükəmməl redaktə edilmiş şəkildə verilməlidir.
2. Məqalələrin həmmüəlliflərinin sayının üç nəfərdən artıq olması arzu olunmur.
3. Hər bir məqalənin əvvəlində UOT indeksləri və açar sözlər göstərilməlidir.
4. Məqalələr dörd dildə - Azərbaycan, İngilis, Rus və Türk dillərində təqdim oluna bilər. Məqalələrin yazıldığı dildən əlavə mətnin sonunda digər 2 dildə bir-biri ilə eyni xülasə verilməlidir. Xülasə məqalənin məzmununu tam əhatə etməlidir. Xülasənin 100-150 sözdən ibarət olması məsləhət görülür.
5. Məqalələrin mətnləri 1 (bir) intervalla Times New Roman, 12 ölçülü şriftlərlə yazılmalıdır. Məqalələrin formatı A4 formatında (210x297 mm ölçüsündə) olmalı, kənar məsafələr: yuxarıdan 20 mm, asağıdan 25 mm, sol tərəf 30 mm, sağ tərəf 20 mm boş məsafə saxlanılmalıdır.
6. Məqalədə problemin aktuallığı, tədqiqat obyekti və üsulu, alınmış nəzəri və təcrübi nəticələr, onların təhlili, tətbiqi və istifadəsi üçün təkliflər öz əksini tapmalıdır.
7. Elmi məqalənin sonunda müəlliflərin gəldiyi elmi nəticə verilməlidir.
8. Məqalədə istifadə olunan qısaldılmış sözlər birinci dəfə açıq yazılmalıdır.
9. Elmi məqalədə son 10 ildə çap olunan əsərlərə istinad olunması tövsiyə edilir. İstifadə edilmiş ədəbiyyat mətnin sonunda (xülasələrdən əvvəl) əlifba sırası ilə, və yaxud istinad ardıcıllığı ilə verilməlidir.
10. Məqalənin mətni 4 səhifədən az, 5...6 səhifədən çox olmamalı, məqalədə 2...3 ədəddən çox şəkil olmamalıdır. Bəzi hallarda istisna olaraq bu hədd dəyişdirilə bilər.
11. Bütün kəmiyyətlərin ölçüləri Beynəlxalq Ölçülər Sistemində (BS) verilməlidir. Düsturlar və işarələr “Equation” redaktorunda yığılmalı, qrafiklər isə qrafik redaktorlardan birində işlənmiş şəkildə təqdim edilməlidir. Mətndə və cədvəllərdə uyğun ölçü vahidləri eyni olmalıdır. Cədvəllərin başlıqları və sıra nömrələri olmalıdır. Məqalənin mətnindəki cədvəllərə istinadlar mütləqdir.
12. Məqaləyə aşağıdakı materiallar əlavə edilməlidir: ayrı faylda müəlliflər haqqında anket məlumatı: (soyadı, adı, atasının adı, iş yeri, vəzifəsi, alimlik dərəcəsi və elmi adı, iş və ya mobil telefon nömrələri, e-mail və s.); məqalənin çap olunmuş və ya əlyazma variantı, eyni zamanda elektron variantı təqdim olunmalıdır.
13. Redaksiya məqalədə lazımi düzəlişlər və ixtisarlar aparmaq hüququna malikdir. Redaksiya həmçinin, məqaləni əlavə rəyə göndərir və əlyazmanı geri qaytarmır.
14. Redaksiya Şurasının qərarı ilə redaksiya heyəti bütün məqalələri plagiat üzrə yoxlayır. Təkrarlamanın yüksək səviyyəsi və müəlliflik hüquqlarının pozulması məqalənin qəbul olunmaması üçün əsasdır.