İNSTİTUTUN ƏSAS ELMİ İSTİQAMƏTİ

Elmi tədqiqat işləri heyvandarlıq məhsullarının artırılmasına və bu sahədə mütərəqqi üsulların-biotexnologiyanın tətbiqinə əsaslanır.

Aparılan elmi tədqiqat işləri:

2015-ci il Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda aparılan elmi tədqiqat işləri əsasən genetik fondların qorunub saxlanması, bərpa edilərək təkmilləşdirilməsi problemlərinə, həmçinin yeni yem reseptlərinin işlənib hazırlanmasına həsr olunmuşdur. Respublikanın bölgələrində yetişdirilən mal-qaranın yüksək məhsuldar Şvis və Holland cinslərindən istifadə etməklə məhsuldarlıq göstəricilərinin təkmilləşdirilməsi M.Əliyevin rəhbərliyi ilə X.Əliyeva tərəfindən Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində olan Süni Mayalanma Mərkəzi, HETİ-nin Yardımcı Təcrübə Təsərrüfatı və Bərdə rayonunun “Soyuqbulaq” kəndli fermer təsərrüfatında aparılmışdır. Tədqiqatın məqsədi Gəncə-Qazax bölgəsində yetişdirilən mal-qaranın Holland və Şvis mənşəli buğalarla mayalandırılmasından alınan mələz cavanların istiqamətli yetişdirilməsini təmin etməklə, yüksək məhsuldar südlük mal naxırlarının yaradılması, Süni Mayalanma Mərkəzində yetişdirilən Şvis və Simmental malların yerli şəraitə uyğunlaşmasının və onların bioloji-təsərrüfat xüsusiyyətlərinin öyrənilməsidir.

Süni mayalama yolu ilə yetişdirilən heyvan cinsləri

Qaramalın ətlik istiqamətində təkmilləşdirilməsində və yetişdirilməsində Zebu və ixtisaslaşdırılmış ətlik qaramal cinslərindən istifadə olunması M.Əliyevin rəhbərliyi ilə Ş.Məmmədova və Ş.Vəliyeva tərəfindən aparılmışdır. Tədqiqat işləri Göygöl rayonunun Alabaşlı Dövlət Damazlıq ətlik maldarlıq müəssisəsində aparılmışdır. Camışların məhsuldarlığının yüksəldilməsi istiqamətində aparılan damazlıq-seleksiya işlərinin təkmilləşdirilməsi M.Həziyev, Z.Hüseynova tərəfindən Yevlax rayonunun “Məmmədli” kəndli fermer təsərrüfatında aparılmışdır. İribuynuzlu heyvanların çoxaldılmasında biotexnoloji üsulların elmi əsaslarla işlənməsi və tətbiqi M.Əliyev və G.Babayevin rəhbərliyi ilə M.Həziyev, Y.Aslanov və E.Qasımov tərəfindən Yevlax rayonu “Məmmədli” kəndli fermer təsərrüfatında aparılmışdır. Seleksiya-genetik və yeni biotexnoloji üsullar əsasında toyuq, ördək, qaz və hindquşların genetik potensialının yüksəldilməsi proqramının işlənib hazırlanması və təkmilləşdirilməsi F.Mirzəyev, H.Mirzəyev, Y.Gözəlov, A.İbrahimova, Ş.Quliyeva tərəfindən Şəmkir rayonu Dəllər qəsəbəsində şəxsi təsərrüfatda aparılmışdır.

Yetişdirilən heyvanlar

Ətlik-südlük-yunluq istiqamətli Avasi cinsli qoyunların təmizlikdə və çarpazlaşdırma üsulları ilə yetişdirməklə baş sayının artırılmasına nail olmaq M.Məmmədov, S.Əliyeva, A.Mirzəyeva tərəfindən aparılmışdır. Azərbaycan dağ merinosu cinsinin qorunub saxlanması və yeni yüksək məhsuldar xətlərin yaradılması M.Məmmədov, A.Mehdiyev, E.Əliyeva tərəfindən aparılmışdır. Tədqiqat işi Şəmkir rayonunun “Koroğlu” adına Dövlət Damazlıq Müəssisəsində yetişdirilən zərifyunlu “Azərbaycan dağ merinosu” cinsli qoyunlar üzərində aparılır. Respublikanın qərb bölgəsində yetişdirilən yeni tip Bozax cinsli qoyunların məhsuldarlıq keyfiyyətlərinin yaxşılaşdırılması və təkmilləşdirilməsi M.Məmmədov, A.Mehdiyev, Ş.Əliyeva tərəfindən aparılmışdır. Heyvanların yem payında yeni və qeyri-ənənəvi yem əlavələrinin, bioloji-aktiv maddələrin və mineral əlavələrin tətbiqi və onların məhsuldarlığa təsiri S.Qasımov , M.Həsənova tərəfindən öyrənilmişdir.


Şəxsi təsərrüfatlarda saxlanan arı cinslərinin və arı populyasiyalarının məhsuldarlıq xüsusiyyətlərinin qorunmasında mütərəqqi texnologiyanın tətbiqi F.Musayev tərəfindən İsmayıllı rayonu Qaraqaya, Təzəkənd, Gədəbəy rayonu Böyük Qaramurad, N.Saratovka kəndlərində özəl arıçılıq təsərrüfatlarında aparılmışdır. Tədqiqatın obyekti isə orada yetişdirilən Qabaqtəpə, Bozdağ və Qafqaz arılarıdır.

Ləzgi mənşəli qoyunların yaş qrupları üzrə mütərəqqi texnologiya ilə yemləndirilməsini və bəslənilməsini təşkil etməklə məhsuldarlığının artırlması yollarını işləmək və tətbiq etmək N.İsmayılov, N.Əhmədov və S.Abbasova tərəfindən aparılmışdır.

2016-2020-cı illər üçün nəzərdə tutulmuş elmi tədqiqat işlərinin mövzu planına əsasən institutun elmi əməkdaşları tərəfindən müxtəlif mövzuda elmi-tədqiqat işləri respublikamızın müxtəlif bölgələrində əsasən, Gəncə-Qazax, Şəki-Zaqatala, Mərkəzi Aran və Abşeron bölgələrində həyata keçirilir. Ümumilikdə 5 mövzu üzrə 26 elmi-tədqiqat işi aparılır.

Elmi tədqiqat işləri heyvandarlıq məhsullarının artırılmasına və bu sahədə mütərəqqi üsulların-biotexnologiyanın tətbiqinə əsaslanır. Tədqiqat işlərinin 15%-i ətlik maldarlıqda, 23%-i südlük maldarlıqda, 25%-i qoyunçuluqda, 7%-i quşçuluqda, 7%-i arıçılıqda, 7% ipəkçilik və ipəkqurdların yemləndirilməsi, 16%-i fiziologiya və yemləmə sahəsində tətbiq olunur.