Eyyub Balaməmməd oğlu Bəşirov

Eyyub Balaməmməd oğlu Bəşirov
Eyyub Balaməmməd oğlu Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur.
1943-cü ildə Salyan Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirib müəllimlik fəaliyyətinə başlamışdır.
1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul olunan Eyyub Bəşirov iki il sonra əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin üçüncü kursuna köçürülürmüşdür. Akademiyanı əla qiymətlərlə bitirən Eyyub Bəşirov Azərbaycana qayıdıb və doğma vətənində heyvandarlıq sahəsinin, aqrar elmin, xalq təbabətinin inkişafında misilsiz xidmətlər göstərmişdir.
Eyyub Bəşirov elmi yaradıcılığa XX əsrin ortalarında – 1947-ci ildə başlamışdır. Onun elmi yaradıcılığı geniş və çoxşaxəlidir; yaradıcılığının coğrafiyası isə olduqca böyük bir ərazini - Cənubi Amerika, Şimali Afrika, Avropa və Asiya ölkələrini əhatə edir.
1954-1967-ci və 1973-1979-cu illərdə Azərbaycan ET heyvandarlıq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, elmi hissə üzrə direktor müavini və direktoru işləmişdir. 1967-1973, 1979-1983 və 1986-1989-cu illərdə respublika damazlıq birliyinin rəisi, 1984-1986-cı illərdə respublika üzümçülük və şərabçılıq komitəsinin sədr müavini, 1989-1992-ci illərdə Moskva ET Yemlərin Texnologiyası və K/t heyvanlarının yemləndirilməsi institutunun Azərbaycan filialının direktoru vəzifələrində işləmişdir. Bundan əlavə görkəmli alim kimi Hindistanda, İtaliyada, Əlcəzairdə. Çilidə və Əfqanıstanda uzun müddətli ezamiyyədə olmuş və ona tapşırılan böyük dövlət əhəmiyyətli işləri müvəffəqiyyətlə yerinə yetirmiş və həmin ölkələrin təşəkkürünə layiq görülmüşdür.
SSRİ məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik olan Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun yaradıcılığı ilə sıx bağlıdır. Eyyub Bəşirovun dünyada ilk dəfə elmə gətirdiyi süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin köklü sınaqları da burada aparılmışdır.
1961-ci ildə Hindistanın Heydərabad şəhərində alimin təklifi ilə "Ümumhindistan heyvandarlıq sərgisi" təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir. Bombey südçülük koloniyasından isə "Mürrəh" cinsindən olan damazlıq rekord camış kəllərini və düyələrini seçir. Azərbaycana gətiriləsi bu rekord cinsli heyvanlar idi, son anda Moskvanın göstərişi ilə Bolqarıstana göndərilir. Həmin heyvanların əsasında da Eyyub Bəşirov bolqar alimi, professor Aleko Aliksiyevlə birgə "Bolqar mürrəhi" cinsini yaradır. Öz yüksək məhsuldarlığı, yüksək keyfiyyətilə "Bolqar mürrəhi" bu gün də dünyada seçilir.
2007-ci il iyunun 29-da Respublika Kənd Təsərrüfatı Nazirliyinin Damazlıq Şurası tərəfindən iki yeni qoyun cinsi təsdiq edilmişdir. Bunlardan biri Morul Dəmirovun seleksiyası əsasında yaradılmış "Mil-Qarabağ", digəri isə Nəcəf Nəcəfovun "Abşeron" cinsləridir. Hər iki cinslərin yaradılmasının elmi rəhbəri və təşkilatçısı Eyyub Bəşirov olmuşdur.
Eyyub müəllim müxtəlif dövrlərdə Hindistanda, Əlcəzairdə, Çilidə və Əfqanıstanda olarkən bu ölkələrin kənd təsərrüfatı sahəsinin, damazlıq-döllük sisteminin təşkilində, inkişaf etdirilməsində və möhkəmləndirilməsində, milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Elə buna görə də həmin dövlətlərin başçıları alimin şəxsən özünə və sovet dövlətinin lideri Leonid Brejnevə dərin minnətdarlığını bildirirdilər.
O, - Azərbaycan elminin nəzəriyyəsi də var, təcrübəsi də, - deyib, Azərbaycan heyvandarlıq elmi məktəbinə üstünlük verir. Məlumdur ki, Çilidə heyvandarlıq sahəsinin inkişafına böyük önəm verilir. Çünki ölkə əhalisinin heyvandarlığa, xüsusən də ətə, ət məhsullarına tələbatı olduqca böyükdür. Milli Birlik hökuməti dövründə, XX əsrin 70-ci illərinin əvvəllərində sovet hökuməti tərəfindən bir ekspert-alim, mütəxəssis kimi Çiliyə ezam olunan Eyyub Bəşirov bu ölkənin iqlim şəraitini, otlaqların, çöl-çəmən, meşə, ot örtüklərini, su mənbələrini, yağan yağıntının miqdarını, heyvandarlığın ayrı-ayrı bölgələrdə inkişaf perspektivlərini, maddi-texniki bazasını, sahənin inkişafına lazım gələn bütün amilləri araşdırıb öyrənir, tədqiq edir. Aparılan tədqiqatların nəticəsi kimi "Çilinin heyvandarlığı" adlı fundamental əsər ortya qoyuldu.
Eyyub Bəşirov Çilidə elmi ezamiyyətdə olarkən bu ölkədə damazlıq heyvandarlığın inkişafı, proqressiv metod və texnologiyaların tətbiqi, kadr hazırlığı kimi bir çox elmi problemlərin həllini nəzərdə tutan 10 illik plan-proqram işləyib hazırlamışdır. Bu plan-proqram dərin elmi əsaslara söykənirdi. Həmin proqramın yerinə yetirilməsi isə Çilinin heyvandarlığının inkişafının təkanverici qüvvəsi, təminatı demək idi.
Eyyub müəllim 1946-1966 və 1968-1970-ci illərdə Əlcəzairdə gördüyü işlər, apardığı elmi tədqiqatlar bu ölkənin kənd təsərrüfatının, heyvandarlığının inkişafında mühüm rol oynadı. Ölkədə damazlıq heyvandarlıq sistemi quruldu. Süni mayalama stansiyaları təşkil edildi. Süni mayalamanın geniş tətbiqi vasitəsilə məhsuldarlıq artırıldı. Müasir texnologiyalardan istifadə olunması, süni mayalamanın aparılması qısırlığı aradan qaldırdı. Həyata keçirilən tədbirlər hər 100 ana qoyundan 111, inəklərdən isə 100-102 bala almağa imkan verdi. O dövrdə bu rəqəmlər qoyunlar üzrə Şimali Afrika ölkələrində görünməmiş rekord bir göstərici idi. İnəklərdən alınan balaların sayı isə dünya rekordu idi. Həm də həmin bölgədə, həmin ölkələr arasında ilk dəfə olaraq Əlcəzairdə damazlıq-seleksiya, damazlıq-döllük, süni mayalama stansiyalarında, məntəqələrində çalışacaq, altı aylıq kurslarda 200 nəfərlik mütəxəssislər korpusu yaradıldı.
1966-cı ilin yayında Fransanın Kənd Təsərrüfatı nazirinin, baytarlıq xidməti generalının Əlcəzairə gəlməsi, Eyyub Bəşirovla görüşməsi, onun bu ölkədə apardığı təcrübələr və əldə etdiyi elmi-təcrübəvi nailiyyətlərlə tanışlığı və ondan aldığı məsləhətlər nəticəsində, sonralar Fransada yeni bir texnologiya-fransız süni mayalama texnologiyası yaradıldı. Hazırda ən mütərəqqi, ən proqressiv texnologiya kimi bundan dünyanın bütün qabaqcıl ölkələrində istifadə edilir.
XX əsrin 80-ci illərində Əfqanıstanda gedən dərin, mürəkkəb tarixi proseslərin ən qızğın çağında Eyyub Bəşirov bu ölkədə işləməli olur. Kənd Təsərrüfatı nazirinin müşaviri vəzifəsində çalışan alim bu ölkənin aqrar sektorunun dirçəlməsinə, məhsul istehsalının artırılmasına, sahənin elmi əsaslarının yaradılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nail oldu.

Uğurları:
Eyyub Bəşirov heyvanların törəyib çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparmış və sanballı elmi nəticələr əldə etmişdir. Elmdə "Bəşirov metodu" məhz onun adını alıb.
1964-cü ilin sentyabrın 6-dan 13-ə kimi İtaliyanın Trento şəhərində V Beynəlxalq Elmi Konqres keçirildi. Bu böyük elmi məclisdə 64 ölkədən 1200 nəfər alim iştirak edirdi. Həmin elmi məclisdə Eyyub Bəşirov "Camışların törəyib çoxalmasının biologiyası və süni mayalandırılması" mövzusunda elmi məruzə etmişdir. Böyük maraqla dinlənilən elmi məruzə bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutmuş və qızıl medala layiq görülmüşdür. Roma Papası VI Pavel şəxsən özü alimi böyük uğur münasibətilə təbrik etmiş və öz portretini ona hədiyyə vermişdir.
Eyyub Bəşirovun işlədiyi müddətdə respublikada damazlıq heyvanlarının elmi əsaslar üzrə inkişaf etdirilməsi, məhsuldarlığın aparılması, çoxaldılması, heyvandar kadırların hazırlanmasında və bir sıra mühüm elmi problemlərin işlənib hazırlanmasında və istehsalata tətbiqində müstəsna xidmətləri olmuşdur.
Eyyub Bəşirov Elmi-Tədqiqat və istehsalat işləri ilə yanaşı olaraq ictimai işlərdə fəal çalışmışdır. Heyvandarlığın müxtəlif sahələrinə dair 200-dən çox elmi, elmi populyar məqalələrlə elmin nailiyyətləri, qabaqcıl təcrübə və məsləhətlərlə rayon və mərkəzi qazetlərlə, jurnallarda, Beynəlxalq konfrans və simpoziumlarda çıxış etmiş, günün aktual məsələlərini təbliğ etmişdir.
O, ˝Kənd Təsərrüfatı heyvanlarının süni mayalanması˝ və ˝qara mal˝ dərsliklərinin, ˝Kənd Təsərrüfatı heyvanlarının törəmə qabiliyyətinin yaxşılaşdırılması,˝ ˝Əlcəzairin heyvandarlığı˝ kitablarının müəllifidir. Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması təlimatı və ˝Erkəklərin törədici, sınaqçı və stimula edici kimi yeni üsulla hazırlanması və istifadə edilməsinin metodiki təlimatının˝ müəllifidir. Eyyub Bəşirovun əməyi 1 orden və 5 medalla qiymətləndirilmişdir.

Əsərləri:
"Əlcəzairin heyvandarlığı";
"Çilinin heyvandarlığı";
"Milli Birlik hökuməti dövründə onun inkişaf perspektivləri";
"Əfqanıstanın heyvandarlığı";
"Hindistan və Bolqarıstanda camışçılıq";
"Yeni Bolqar mürrəhi camış cinsinin yaradılması";
"Azərbaycanda damazlıq heyvandarlığının problemləri və inkişafının elmi əsasları".

Ailəsi:
Əslən şamaxılıdır. 1859-cu ilin mayın 31-də orada baş verən dəhşətli zəlzələdən sonra ailələri el-oba ilə birlikdə indiki Salyan rayonunun Xol Qarabucaq kəndinə köçmüşlər. Ulu babası Hacı Səməd Şamaxıda zəlzələ baş verən vaxt şəhərin qazisi idi.
Eyyub Bəşirov 3 oğul atasıdır. Böyük oğlu Yaşar Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya və Avropa çempionu, əməkdar idman ustasıdır. Yaşar həm də biologiya elmləri namizədidir. Xanlar Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış rəqqasdır. Xəqani isə biznes sahəsində fəaliyyət göstərir.