Rəhim Xeyrulla oğlu Səttarzadə

Rəhim Xeyrulla oğlu Səttarzadə
Professor Rəhim Xeyrulla oğlu Səttarzadə ölkəmizdə atçılığın tarixinin və inkişafı yollarının öyrənilməsi ilə məşğul olan ilk tədqiqatçı alim olmuşdur. Onun elmi-tədqiqat işlərinin və yaradıcılığının əsas istiqamətini Azərbaycanda yetişdirilən Qarabağ və Diliboz at populyasiyalarının genetik və bioloji-təsərrüfat xüsusiyyətlərinin, onların yaxşılaşdırılması yollarının, bərpa olunmasının və təkmilləşdirilməsinin elmi əsaslarının araşdırılması təşkil edir. Alimin rəhbərliyi ilə Ağdam atçılıq zavodunda Qarabağ at cinsi təkmilləşdirilərək onun yeni zavod tipi, Ağstafa atçılıq zavodunda isə təmiz qanlı minik atı yetişdirilmiş, Qafqaz Qonuru, Simmental, Şvis, Qonur Latviya, Kastroma və s. qaramal cinslərinin məhsuldarlıq xüsusiyyətləri və onların artırılması yolları öyrənilmişdir. O, Qonur Latviya və Qırmızı Səhra qaramal cinslərini Simmental və Şvis cinsləri ilə mələzləşdirməklə yeni məhsuldar cinsin yardılmasına nail olmuşdur.
Alim 1933-cü ildə ADAU-nun zootexniklik fakültəsini,1937-ci ildə aspiranturanı bitirmiş, namizədlik dissertasiyası müdafiə etmiş, 1938-1948-ci illərdə zootexnik fakültəsınin dekanı, 1949-1952-ci illərdə direktorun tədris və elmi işlər üzrə müavini işləmişdir. O, Moskvada Timirzayev adına Akademiyada – Azərbaycanın yerli və mələz atlarının bioloji təsərrüfat xüsusiyyətləri və atçılığın keyfiyyətcə yaxşılaşdırılması yolları mövzusu üzrə doktorluq dissertasiyasını 1958-ci ildə müdafiə etmişdir. 1959-cu ildə isə ona professor elmi adı verilmişdir.
R.Səttarzadə 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir.
R.Səttarzadə 2 dərslik və 2 monoqrafiyanın müəllifi olmaqla yanaşı elmə böyük səmərə gətirən 60-dan çox elmi əsər də yazmışdır. Onun “Atçılıq” adlı dərsliyi hələ də öz əhəmiyyətini saxlayır və istifadə edilir.
O, iki dəfə Şərəf Nişanı ordeni, həmçinin medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə, ÜİKTN sərgisinin iki döş nişanı ilə təltif olunmuşdur.