Firuz Əli oğlu Məlikov

Firuz Əli oğlu Məlikov
Firuz Əli oğlu Məlikov 1902-ci il yanvarın 7-də Salyan rayonunun Kürqaraqaşlı kəndində, müəllim ailəsində anadan olmuşdur. F.Ə.Məlikov 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakultəsinə daxil olmuş, lakin burada təhsilini yarım¬çıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə vermiş, 1927-ci ildə ali məktəbi bitirmişdir. 1929-30-cu illərdə Politexnik İnstitutun kənd təsərrüfatı bazasında Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılır. F.Ə.Məlikov əvvəlcə burada Xüsusi heyvandarlıq kafedrasının müdiri, sonralar isə Zootexnika-Bitkiçilik fakültələrinin dekanı təyin edilmişdir. 1935-ci ilin oktyabr ayında SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə ona professor adı verilmişdir. Əməkdar elm xadimi F.Ə.Məlikov Azərbaycanda heyvandarlıq sahəsi üzrə ilk elmlər doktoru olmuşdur. O, 1948-ci ildə “Azərbaycanda Qaragülçülük” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
F.Ə.Məlikov 1948-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiya¬sına Azərbaycandan ilk həqiqi üzv seçilmişdir.
1947-ci ildə akademik F.Məlikovun rəhbərliyi altında aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq zərif yunlu “Azərbaycan dağ merinosu” cinsi yaradılmış, ona görə də 1947-ci ildə bütün yaradıcı qrupa SSRİ Dövlət mükafatı verilmişdir. Akademik F.Məlikovun elmi rəhbərliyi ilə iri buynuzlu heyvanların yeni cinsləri də yaradılmışdır. 1959-cu ildə təsdiq edilən həmin heyvan Qafqaz qonur malı adlandırılmışdır.
1958-ci ildə F.Ə.Məlikov Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsində işləmişdir. Bu nəhəng elm ocağını o, inkişaf etdirərək nəinki Zaqafqaziyada, bütövlükdə keçmiş İttifaqda tanıtdırır. Akademiyanın inkişafı Azərbaycanda kənd təsərrüfatı elminin tərəqqisinə böyük təkan vermişdir. Belə ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 6 elmi tədqiqat institutu, 20-ə yaxın təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyət göstərməyə başlamışdır.
Akademik F.Ə.Məlikov onlarla elmlər namizədi, elmlər doktoru yetişdirmişdir. O, Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Universitetində isə Genetika kafedrasında professor idi. Ömrünün son dövründə, 1962-1965 illərdə F.Ə.Məlikov Azərbaycan Dövlət Universitetində Genetika və darvinizim kafedrasının professoru işləmişdir.
Rusiyada, Misirdə, İngiltərədə və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda oxuduğu mühazirələrlə dünya elmi ictimaiyyətinin böyük hörmətini qazanmışdır.
Firuz Əli oğlu Məlikov 250-dən çox fundamental elmi əsərin müəllifidir. Bunların arasında dərsliklər, dərs vəsaitləri, elmi-kütləvi əsərlər vardır.
Akademik F.Ə.Məlikov 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ölkədə heyvandarlığın inkişafındakı nəaliyyətlərinə görə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə F.Ə.Məlikov Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və bir çox medallarla təltif olunmuşdur. Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu 1979-cu ildən onun adını daşıyır. Gəncə şəhərində akademik F.Ə.Məlikovun yaşadığı küçəyə onun adı verilmişdir.
Akademik Firuz Məlikov 1965-ci il noyabrın 12-də Bakıda vəfat etmişdir.