ELMƏ HƏSR EDİLMİŞ ÖMÜR – 20 İL

ELMƏ HƏSR EDİLMİŞ ÖMÜR – 20 İL

Aqrar Elm və İnnovasiyalar Mərkəzinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Genetik tədqiqatlar və biotexnoloji üsulların tətbiqi” laboratoriyasının müdiri Gözəlov Yasin Qaibqulu oğlu Genetik tədqiqatlar və biotexnoloji üsulların tətbiqində, institutun ictimai işlərində uzun illər səmərəli fəaliyyəti nəzərə alınaraq FƏXRİ FƏRMAN ilə təltif olunmuşdur.


Gözəlov Yasin Qaibqulu oğlu

1991-1994-cü illərdə və 2007-ci ildən hal-hazırkı dövrə qədər İnstitutun müxtəlif şöbə və laboratoriyalarında çalışmış əsasən, quşçuluq sahəsində tədqiqat işləri ilə məşğul olmuşdur. “Azərbaycanda quşların məhsuldarlıq göstəricilərinə ultrabənövşəyi şüanın təsiri” adlı namizədlik dissertasiya mövzusu 14 yanvar 2008-ci il tarixli, 03 saylı əmr ilə təsdiq edilmişdir. İş müvəffəqiyyətlə sona çatdırılmışdır.

Yerli quş populyasiyalarının bioloji təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, cavan quşların boy və inkişafına və məhsuldarlıq göstəricilərinə müxtəlif tərkibli (ucuz) yem payının təsirinin öyrənilməsi, quşçuluqda məhsul istehsalı və emalı proseslərində mütərəqqi texnologiyaların tətbiqi, elmi nəticələrin işlənməsi, vitaminlərlə və proteinlə zəngin olan yem əlavələrinin quşların məhsuldarlıq göstəricilərinə və istehsal olunan məhsulun keyfiyyətinə təsirinin öyrənilməsi, enerji qənaətedici texnologiyaların quşçuluqda tətbiqi əsas tədqiqat işlərinin mövzularıdır.

Son dövrlər alternativ heyvandarlıq sahələrindən olan dovşançılığın inkişaf etdirilməsi, məhsuldar dovşan cinslərinin biologiyasının öyrənilməsi və yeni dovşan tiplərinin alınması istiqamətində elmi tədqiqat işləri aparır. Hal hazırda bu sahədə tədqiqat işləri davam etdirilir.

Mütəmadi olaraq qəzet və jurnallarda öz yazıları ilə çıxış edir. 40-dan çox məqalələri qəzetlərdə çap edilmiş, 60-a qədər elmi məqalənin, 10-dan çox tövsiyənin, 3 kitabın müəllifi, 2 metodiki vəsaitin, 8-ə qədər bonitirə təlimatlarının, 20-ə qədər bukletlərin müəlliflərindəndir. Onun əsərləri əsasən, Moskva şəhərində çıxan “Зоотехния” jurnalında, Azərbaycan Aqrar Elmi jurnalında, ADAU-nun Elmi Əsərlərində, ATU-nin Elmi Xəbərlərində, AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin Xəbərlər Məcmuəsində, Beynəlxalq Konfransların materiallarında, Ekoloji Kənd Təsərrüfatı jurnalında, Baytarlıq Təbabəti qəzetində, Kənd Həyatı qəzetində, Respublika, Xalq qəzetlərində çap edilmişdir.

2019-cu ildə “Heyvandarın məlumat kitabı” çap edilmiş, 2020-ci ildə çapdan çıxmış “İnəklərin intensiv bəslənməsinə dair” təlimat kitabının müəlliflərindən biridir.